Avropada Doktorantura Təhsili

Avropa dünyaca məşhur universitetləri və geniş tədqiqat imkanları ilə doktoranturada təhsil almaq istəyənlərin ən çox seçim etdiyi ölkələrə sahibdir. Avropada PhD təhsili tələbələrə dərin bilik və təcrübə təmin etməklə yanaşı, həm də onların qlobal akademik və peşəkar şəbəkələrini genişləndirmək imkanı yaradır.

Avropada doktorantura təhsilinin keyfiyyəti qlobal səviyyədə tanınmış təhsil standartları, müasir tədqiqat imkanları və güclü akademik dəstək sistemləri ilə daha da artır. Bir çox Avropa ölkələrinin universitetləri tədqiqat yönümlü yanaşmaları ilə tanınır və tələbələrə elmi töhfələr verə biləcəkləri mühitlər təklif edirlər. Bundan əlavə, Avropadakı doktorantura proqramları fənlərarası tədqiqatları təşviq edir ki, bu da tələbələrə geniş perspektiv əldə etməyə imkan verir.

Avropada PhD təhsili beynəlxalq tələbələr üçün müxtəlif təqaüdlər və maliyyə imkanları ilə də dəstəklənir. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən proqramlar və milli təqaüdlər tələbələrin maliyyə yüklərini yüngülləşdirərək onların maddi çətinlik çəkməmələrinə kömək edir.

Gəlin Avropada doktorantura təhsili üçün ən yaxşı universitetlər, yüksək keyfiyyətli akademik proqramlar, təqaüd imkanları, qəbul şərtləri və yaşam xərclərilə bağlı ətraflı məlumat alaq.

Avropada doktorantura təhsili almaq üçün nə etmək lazımdır?

Avropada doktorantura təhsili almaq üçün bunları etmək lazımdır:

Araşdırma və proqram seçimi

Əvvəlcə maraq dairənizə və karyera hədəflərinizə uyğun doktorantura proqramlarını araşdırmalısınız. Avropada bir çox universitet və tədqiqat institutları müxtəlif sahələrdə doktorantura proqramları təklif edir. Universitetlərin veb saytlarını ziyarət edərək proqramların məzmunu, tədqiqat imkanları və akademik heyət haqqında məlumat əldə edə bilərsiniz.

Uyğun universitet və rəhbər tapmaq

Doktorantura təhsili alacağınız universiteti və işləmək istədiyiniz rəhbəri seçmək təhsil prosesinizin rahat olması üçün önəmlidir. PhD rəhbəriniz, tədqiqat prosesinizdə sizə rəhbərlik edəcək və işlərinizi yönləndirəcəkdir.

Rəhbər seçərkən onun akademik keçmişinə və tədqiqat sahələrinə diqqət yetirməli və sahəsi sizə uyğun olanla əlaqə saxlayaraq öz layihələriniz haqqında danışaraq qərarınızı dəqiqləşdirə bilərsiniz.

Lazım olan sənədlərin hazırlanması

Müraciət edəcəyiniz univetsitetin tələb etdiyi sənədləri dəqiq hazırlamaq lazımdır. Bu sənədlər universitetlər arasında fərqli olsa da, ümumilikdə bunlar tələb olunur;

  •   Tərcümeyi-hal (CV)
  •   Akademik transkriptlər
  •   Dil biliyi sertifikatı (IELTS, TOEFL və s.)
  •   Tövsiyə məktubları
  •   Motivasiya məktubu
  •   Tədqiqat təklifi

Dil biliyi tələblərini qarşılamaq

Əksər Avropa ölkələri, doktorantura proqramlarına qəbul üçün ingilis dili bilikləri tələb edir. Buna görə, dil biliklərinizi sübut edən imtahan nəticələrini (IELTS, TOEFL və s.) müraciətinizlə birlikdə təqdim etməlisiniz. Bəzi ölkələr və proqramlar yerli dillərdə də təhsil təklif edə bilər, bu halda müvafiq dildə biliklərinizin olduğunu sübut edən sertifikata sahib olmalısınız.

Müraciətlərin edilməsi

Lazım olan sənədləri topladıqdan sonra, seçdiyiniz universitetlərin müraciət proseslərinə uyğun olaraq müraciətlərinizi etməlisiniz. Müraciət tarixlərini qaçırmamaq üçün universitetlərin veb saytlarındakı müraciət təqvimlərini diqqətlə izləmək və vaxtında müraciət etmək lazımdır.

Təqaüd imkanlarını araşdırmaq

Doktorantura təhsili müddətində maddi dəstək təmin etmək üçün təqaüd imkanları var ki, araşdırıb göstəricilərinizə uyğun olanına müraciət edə bilərsiniz. Avropa Birliyi, milli hökumətlər və müxtəlif fondlar, beynəlxalq tələbələr üçün təqaüd proqramları təklif edilir. Bundan əlavə, universitetlərin təqdim etdiyi tədqiqat təqaüdləri və assistentlik mövqeləri də maliyyələşdirmə təmin etmək üçün dəyərləndirilə bilər.

Viza və icazə üçün müraciətlər

Qəbul alındıqdan sonra, təhsil alacağınız ölkənin viza və icazə tələblərini öyrənməlisiniz. Bu proses adətən pasport, qəbul məktubu, maliyyə vəziyyətinizi sübut edən sənədlər və sağlamlıq sığortası kimi sənədlərin təqdim edilməsini tələb edir.

Yaşayış yerinin təşkili

Təhsil müddətində qalacağınız yeri təşkil etmək üçün erkən davranmalısınız. Universitet yataqxanaları, tələbə evləri və ya kirayə mənzillər kimi müxtəlif yaşayış imkanları arasından sizin üçün ən uyğun olanını vaxtında seçməsəniz təhsil müddəti başlayanda gec ola bilər.

Bu addımları izləyərək, Avropada doktorantura təhsili almaq üçün lazımi hazırlıqları edə bilərsiniz.

 

Avropada doktorantura təhsil sistemi

Avropada doktorantura təhsili sistemi tələbələrə geniş akademik biliklər vermək və müstəqil tədqiqat bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyan struktura malikdir. Bu təhsil sistemi müxtəlif ölkələrdə müəyyən fərqlərə malik olsa da, oxşar prinsiplərə əsaslanır.

Avropada doktorantura təhsil sisteminin əsas xüsusiyyətləri bunlardır:

Doktorantura proqramlarının strukturu

Avropada PhD proqramları 3-6 il davam edir. Bu müddət ərzində tələbələr öz sahələrində geniş araşdırmalar aparır və bu araşdırmanın nəticəsi olaraq dissertasiya işi hazırlayırlar. Doktorantura proqramları bu müddət ərzində tələbələrə həm nəzəri biliklər, həm də praktiki tədqiqat bacarıqları verməyi əhatə edir.

Tədqiqat yönümlü təhsil

Avropada PhD təhsilinin əsas hissəsi tədqiqat yönümlüdür. Tələbələr doktorantura proqramı çərçivəsində müstəqil və ya komanda şəklində tədqiqat layihələri həyata keçirirlər. Bu layihələr tələbələrə öz sahələrində yeni biliklər əldə etməyə və sahələrində yeniliklər yaratmağa imkan verir.

Məsləhətçilik və ya mentorluq

Hər bir doktorantın təhsilini istiqamətləndirmək üçün məsləhətçisi var. Məsləhətçi tələbəyə tədqiqat prosesi zamanı qarşılaşa biləcəkləri çətinliklərin öhdəsindən gəlməyə kömək edir və onların akademik inkişafını dəstəkləyir. Tələbənin uğurlu tezis hazırlaması üçün mentorluq əlaqəsi vacibdir.

Seminarlar və konfranslar

Avropada PhD tələbələri təhsil aldıqları müddətdə müxtəlif seminarlarda, konfranslarda və təlimlərdə iştirak edirlər. Bu tədbirlər tələbələrə öz sahələrində ən son yeniliklərdən xəbərdar olmağa və akademik əlaqələrini genişləndirməyə kömək edir.

Beynəlxalq əməkdaşlıqlar

Avropanın bir çox universitetləri və tədqiqat institutları beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verir. Bu əməkdaşlıqlar nəticəsində doktorantlar xaricdəki universitetlər və tədqiqat mərkəzləri ilə birgə layihələr üzərində işləyə, müxtəlif mədəniyyətlər və akademik mühitlərlə qarşılıqlı əlaqədə ola bilərlər. Bu, tələbələrə qlobal perspektiv əldə etməyə kömək edir.

Qiymətləndirmə və dissertasiya müdafiəsi

Avropada doktorantura təhsili ala tələbələr təhsilinin sonunda hazırladıqları dissertasiyanı müdafiə etməlidirlər. Dissertasiya müdafiəsi tələbənin tədqiqat nəticələrini münsiflər heyəti qarşısında təqdim etməsini və sualları cavablandırmasını əhatə edir. Uğurlu müdafiədən sonra tələbəyə doktorluq dərəcəsi verilir.

(Mənbə: https://eua.eu/ https://education.ec.europa.eu/ )

 

Avropada doktorantura təhsili üçün ən çox gedilən ölkələr

Avropada doktorantura təhsili üçün ən çox üstünlük verilən 10 ölkə bunlardır:

Almaniya: Yüksək keyfiyyətli təhsil və geniş tədqiqat imkanları təklif edir.

İsveçrə: Dünyaca məşhur universitetləri və qabaqcıl texnologiya araşdırma imkanları ilə seçilir.

Birləşmiş Krallıq: Yenilikçi tədqiqat proqramları və geniş maliyyə imkanları təklif edir.

Hollandiya: İngilis dilində tədris olunan PhD proqramları və yüksək həyat standartları ilə tanınır.

Fransa: Geniş tədqiqat sahələri və beynəlxalq tələbələr üçün əlverişli mühiti ilə seçilir.

İsveç: Tədqiqat və innovasiya sahəsində güclü təhsilə sahibdir.

Danimarka: Doktorantura təhsilində yüksək keyfiyyət və innovasiya təklif edir.

Norveç: Tədqiqat yönümlü təhsil və geniş təqaüd imkanları ilə tanınır.

İtaliya: Tarixi universitetləri və geniş tədqiqat imkanları ilə diqqəti cəlb edir.

İspaniya: Mədəni müxtəliflik və güclü akademik proqramları ilə tanınır.

(Mənbə: https://roadtoabroad.co.in/ )

 

Avropada doktorantura təhsili üçün ən yaxşı universitetlər

Avropada doktorantura təhsili üçün ən yaxşı universitetlərdən bəziləri və onların reytinqləri belədir:

Universitetlər Yerləşdikləri şəhərlər QS reyintiqləri
Oksford Universiteti Birləşmiş Krallıq 3
Kembric Universiteti Birləşmiş Krallıq 2
Imperial College London Birləşmiş Krallıq 6
ETH Sürix İsveçrə 7
London Universitet Kolleci Birləşmiş Krallıq 9
Heidelberg Universiteti Almaniya 87
Karolinska İnstitutu İsveç 43
Sorbonna Universiteti Fransa 60
KU Leuven Belçika 62
Münhen Texniki Universiteti Almaniya 38
École Polytechnique Fédérale de Lozanne (EPFL) İsveçrə 37
Ludwig-Maximilians-Universität München Almaniya 55
Delft Texniki Universiteti Hollandiya 47
KTH Kral Texnologiya İnstitutu İsveç 75
Edinburq Universiteti Birləşmiş Krallıq 23
École Normale Supérieure, Paris Fransa 41
Barselona Universiteti İspaniya 156
Bolonya Universiteti İtaliya 166
Scuola Superiore Sant’Anna İtaliya 175
Paris-Saclay Universiteti Fransa 72

(Mənbə: https://www.topuniversities.com/ )

Avropada doktorantura təhsilində ən çox seçim olunan sahələr

Avropada doktorantura təhsili üçün ən məşhur sahələrdən bəziləri bunlardır:

Biznes və idarəetmə: Əmək bazarında ən çox ehtiyac duyulan bu sahə Avropada ən çox seçilən doktorantura proqramları sırasındadır. Biznes məktəbləri və idarəetmə proqramları həm nəzəri, həm də praktiki təlimlər təklif edərək məzunlara həm akademik, həm də sənaye sahələrində uğur qazanmağa imkan verir.

Hüquq: Avropa hüquq təhsilində uzun illərdir nüfuza malikdir və həm mülki hüquq, həm də ümumi hüquq sistemlərinin doğulduğu yerdir deyə bilərik. Hüquq üzrə doktorantura təhsili almaq istəyənlərin ən çox seçim etdiyi ölkələr Avropa ölkələridir. Çünki Avropada hüquq təhsili verən universitetlər dünyadakı nüfuzuna, keyfiyyətli təhsilinə və yüksək maaşlı karyera imkanları ilə doktorantların diqqətini çəkir.

Mühəndislik, inşaat və istehsalat: Bu sahələrə həm akademik, həm də sənaye tətbiqlərinə görə böyük təlabat var. Avropada mühəndislik üzrə PhD dərəcəsi müxtəlif mühəndislik fənləri üzrə geniş karyera imkanları təklif edir.

Sağlamlıq və səhiyyə: Tibb, stomatologiya və əczaçılıq kimi səhiyyə sahələri Avropada doktorantura təhsilində ən çox seçim olunan sahələrdəndir. Avropada səhiyyə üzrə doktoranturasını bitirənlər həm akademik, həm də praktiki sahələrdə geniş karyera imkanlarına malikdirlər.

Sosial elmlər: Sosial elmlər, xüsusilə sosiologiya, psixologiya, təhsil və siyasət elmləri kimi sahələr Avropada doktorantura təhsili üçün ən çox seçim olunan sahələrdir. Bu sahələrdə nüfuzlu Avropa ölkələrinin apardığı tədqiqatlar sosial inkişaf və siyasətin qurulması üçün böyük əhəmiyyət kəsb edir.

(Mənbə: https://wwsb.edu.pl/en/wwsb-2/ https://www.findaphd.com/ )

 

Avropada doktorantura təhsili üçün ən çox seçim olunan proqramlar

Avropa doktorantura təhsili almaq istəyənlər üçün dünya miqyasında tanınan universitetlərə sahib yerdir. Yüksək keyfiyyətli təhsili, geniş tədqiqat imkanları və beynəlxalq əməkdaşlıqları ilə Avropa hər il minlərlə beynəlxalq doktorantları özünə cəlb edir. Avropa universitetləri tədqiqat və innovasiya sahəsində qabaqcıl olması ilə tanınır və tələbələrə fənlərarası tədqiqatlarda böyük imkanlar təklif edir.

Avropadakı PhD proqramları tələbələrə dərin bilik və təcrübə təmin etmək məqsədi daşıyır. Həm nəzəri, həm də praktiki təlimlərlə təchiz edilən bu proqramlar tələbələrə öz sahələrində uğur qazanmalarına imkan verir. Avropadakı universitetlərin əksəriyyəti tələbələrə beynəlxalq səviyyədə tanınmış elmi dərəcələr əldə etməyə imkan verən Boloniya prosesində iştirak edir.

Avropada ən çox seçilən PhD proqramlarından bəziləri bunlardır:

  •   Təhsil elmləri
  •   Biznes və idarəetmə
  •   Hüquq
  •   Mühəndislik
  •   Səhiyyə elmləri
  •   Kompüter elmləri
  •   Psixologiya
  •   Biotibbi elmlər
  •   Kimyəvi
  •   Fiziki
  •   Sosiologiya
  •   Ətraf mühit elmləri
  •   Ədəbiyyat və dilçilik
  •   Tibb
  •   Riyaziyyat
  •   Tarix
  •   Siyasi elm
  •   Memarlıq
  •   Biotexnologiya
  •   Beynəlxalq əlaqələr
  •   İqtisadiyyat

Bu proqramlar Avropa universitetlərində təklif olunan ən məşhur PhD proqramlarıdır və tələbələrə həm akademik, həm də peşəkar karyeralarında geniş imkanlar təklif edir.

(Mənbə: https://www.phdportal.com/search/phd/education/europe )

Avropada doktorantura təhsilinə qəbul üçün lazım olan sənədlər

Avropada doktorantura təhsili almaq üçün müraciət edəcək namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

Ərizə məktubu: Namizədin müraciət etmə səbəblərini, akademik keçmişini və doktorluq proqramına olan marağını izah edən qısa ərizə məktubu.

Tərcümeyi-hal (CV): Ətraflı CV-də namizədin təhsili, tədqiqat təcrübəsi, nəşrləri və digər akademik nailiyyətləri qeyd olunmalıdır.

Akademik transkriptlər: Bakalavr və magistr dərəcələrindən transkriptlərin təsdiqlənmiş surətləri.

Dil biliyi sertifikatı: Doktorluq proqramının tələb etdiyi ingilis dili sertifikatı (IELTS, TOEFL kimi) olması mütləqdir. Əksər Avropa universitetləri ingilis dili biliyini sübut etmək üçün müəyyən minimum bal tələb edir ki, sertifikatda həmin bal olmalıdır.

Referans məktubları: Namizədin akademik məsləhətçilərindən və ya professorlarından ən azı iki istinad məktubu. Bu məktublar namizədin akademik qabiliyyətlərini, tədqiqat potensialını və iş intizamını qiymətləndirən şəxsi və peşəkar müşahidələri ehtiva edir.

Tədqiqat təklifi: Namizədin doktorluq proqramında həyata keçirməyi planlaşdırdığı tədqiqat layihəsinin ətraflı təsvirinin olduğu sənəd. Bu sənədə tədqiqat sualları, metodologiya, ədəbiyyat icmalı və gözlənilən nəticələr daxildir.

Şəxsiyyət vəsiqəsi və yaşayış yerindən arayış: Namizədin şəxsiyyətini və hazırkı yaşayış yerini göstərən rəsmi sənədlər (pasportun təsdiqlənmiş surəti, yaşayış yerindən arayış kimi).

Nəşrlər və elmi tədqiqatlar: Əgər varsa, namizədin əvvəllər dərc olunmuş elmi məqalələri, konfrans materialları və ya digər akademik tədqiqatları.

Motivasiya məktubu: Namizədin doktorluq proqramına marağını, karyera məqsədlərini və bu proqramın bu məqsədlərə necə töhfə verəcəyini izah etdiyi ətraflı motivasiya məktubu.

Əlavə sənədlər: Tətbiq olunan proqrama xas olan əlavə sənədlər. Bu sənədlər proqramın tələblərindən asılı olaraq dəyişə bilər və universitetin saytında göstərilib.

Bu sənədlər Avropada doktorantura təhsili üçün lazım olan ümumi sənədlərdir. Universitetlərdən və proqramdan aslı olaraq fərqli sənədlər də tələb oluna bilər.

(Mənbə: https://www.findaphd.com/ )

 

Avropada doktorantura təhsili üçün təhsil haqları

Avropada PhD təhsili üçün ödənişlər ölkədən, universitetdən və proqramdan asılı olaraq çox dəyişir. Təhsil haqları müxtəlif olsa da, aşağıda Avropanın bəzi aparıcı universitetlərinə malik ölkələrdə ortalama doktorantura təhsil haqları ilə bağlı məlumat sizə təqdim edirik:

Böyük Britaniya

Böyük Britaniyada PhD proqramları üçün illik ödənişlər adətən 4,000 ilə 50,000 GBP arasında dəyişir. Məsələn, Oksford Universiteti və Kembric Universiteti kimi nüfuzlu universitetlərdə ödənişlər ildə 50.000 GBP-ə qədər ola bilər.

Digər universitetlərdə (məsələn, Mançester Universiteti, Edinburq Universiteti) isə ödənişlər 15,000 ilə 18,000 GBP arasında dəyişir.

Almaniya

Almaniyada əksər dövlət universitetləri PhD tələbələrindən təhsil haqqı tələb etmir. Bununla belə, bəzi universitetlərdə tələbələrdən hər semest üçün xidmət haqqı kimi 150 ilə 300 EUR arasında ödəniş tələb oluna bilər.

Fransa

Fransada PhD proqramları üçün illik təhsil haqları dövlət universitetlərində çox aşağıdır, adətən ildə təxminən 380 EUR. Özəl universitetlərdə və nüfuzlu məktəblərdə bu ödənişlər daha yüksək ola bilər və ildə 5000-11000 EUR arasında dəyişə bilər.

İsveçrə

İsveçrədəki universitetlərdə doktorantura proqramları üçün illik təhsil haqqı 1000-2000 CHF arasında dəyişir. Məsələn, ETH Sürix və Sürix Universiteti kimi universitetlərdə ödənişlər ildə 1500 ilə 2000 CHF arasındadır. Eyni zamanda EPFL (École Polytechnique Fédérale de Lausanne) kimi nüfuzlu universitetlərdə də ödənişlər 1000-2000 CHF arasındadır.

Hollandiya

Hollandiyada PhD proqramları adətən universitetlər tərəfindən maliyyələşdirilir və PhD tələbələri elmi işçi kimi əmək haqqı alırlar. Bununla belə, bəzi xüsusi hallarda illik təhsil haqqı 2000-4000 EUR arasında ola bilər.

İsveç

İsveçdə PhD təhsili pulsuzdur və tələbələr burada elmi işçi kimi maaş belə alırlar. Lakin, bəzi universitetlərdə qeydiyyat üçün ödənişlər tələb oluna bilər ki, bu ödənişlərin miqdarı da çox az olur.

(Mənbə: https://education.ec.europa.eu/ https://www.findaphd.com/ )

 

Avropada doktorantura təhsili üçün ən yaxşı şəhərlər

Avropa doktoranturada təhsil almaq istəyən tələbələr üçün geniş imkanlar təklif edən bir çox şəhərlərə ev sahibliyi edir. Bu şəhərlər yüksək keyfiyyətli təhsil müəssisələri, zəngin mədəni həyatı və geniş tədqiqat imkanları ilə seçilir.

Avropada PhD təhsili üçün ən yaxşı şəhərlərdən bəziləri bunlardır:

Berlin, Almaniya

Berlin Almaniyanın paytaxtı və aparıcı təhsil mərkəzlərindən biridir. Humboldt Universiteti və Berlin Texniki Universiteti kimi nüfuzlu təhsil müəssələrilə tanınan şəhər mühəndislik, riyaziyyat, kompüter elmləri, stomatologiya və hüquq kimi sahələrdə güclü proqramlar təklif edir. Almanyada təhsil haqqı da əksər universitetlərdə ödənişsiz olduğundan doktorantlar üçün əlverişlidir.

Paris, Fransa

Paris kosmopolit həyatı və akademik atmosferi ilə tanınır. Em Normandie Biznes Məktəbi və Paris Politexnik İnstitutu kimi əsas təhsil müəssisələri moda tədqiqatları, turizm, MBA və memarlıq kimi müxtəlif proqramlar təklif edir. Parisdə təhsil haqqı nisbətən yüksək olsa da, təhsilin keyfiyyəti də yüksəkdir.

Dublin, İrlandiya

Dublin tarixi və mədəni sərvətləri ilə məşhur şəhərdir. Trinity College Dublin və Dublin Universiteti kimi universitetlər doktorantlara yüksək keyfiyyətli təhsil proqramları təklif edir.

Amsterdam, Hollandiya

Amsterdam tarixi və mədəni əhəmiyyəti ilə tanınır. Amsterdam Universiteti və Leiden Universiteti kimi institutlar kompüter elmləri, idarəetmə, ekonometrika və sahibkarlıq kimi sahələrdə proqramlar təklif edir.

Barselona, ​​İspaniya

Barselona İspaniyanın əsas təhsil mərkəzlərindən biridir. Universitat Autònoma de Barselona və Pompeu Fabra Universiteti kimi universitetlər texnologiya, mühəndislik, iqtisadiyyat, səhiyyə və biotexnologiya kimi sahələrdə proqramlar təklif edir.

Stokholm, İsveç

Nobel mükafatının verildiyi şəhər kimi Stokholm beynəlxalq tələbələr üçün cəlbedici yerdir. Stokholm Universiteti və KTH Kral Texnologiya İnstitutu kimi qurumlar bank işi, maliyyə, kompüter elmləri və biznesin idarə edilməsi kimi sahələrdə proqramlar təklif edirlər. Stokholmda ortalam təhsil haqqı illik 9,000 ilə 15,000 EUR arasındadır.

Roma, İtaliya

Roma tarixi və təhsil zənginliyi ilə tanınır. Sapienza Universiteti və Roma Tre Universiteti kimi qurumlar qida və içki elmləri, moda, interyer dizaynı və pərakəndə satış menecmenti kimi sahələrdə proqramlar təklif edir.

Helsinki, Finlandiya

Helsinki Finlandiyanın təhsil mərkəzi kimi tanınır. Helsinki Universiteti və Aalto Universiteti kimi institutlar kompüter elmləri, incəsənət, ilahiyyat və iqtisadiyyat kimi sahələrdə proqramlar təklif edirlər. Helsinkidə ortalama təhsil haqqı illik 4,000 ilə 11,000 EUR arasındadır.

Kopenhagen, Danimarka

Kopenhagen beynəlxalq tələbələr üçün məşhur bir yerdir. Kopenhagen Universiteti və Danimarka Texniki Universiteti kimi institutlar idarəetmə, mühəndislik, incəsənət və musiqi kimi sahələrdə proqramlar təklif edir. Şəhərdə semestr üçün ortalama təhsil haqqı 6000-18000 EUR arasında dəyişir.

Budapeşt, Macarıstan

Budapeşt elmi inqilabın aparıcı şəhərlərindən biridir. Budapeşt Texnologiya Universiteti və Eötvös Loránd Universiteti kimi institutlar tibb, əczaçılıq, baytarlıq və mühəndislik kimi sahələrdə proqramlar təklif edir. Budapeştdə ortalama təhsil haqqı bir semestr üçün təxminən 5000 avrodur.

Bu şəhərlər Avropada PhD təhsili almaq istəyən tələbələr üçün müxtəlif sahələrdə ən yaxşı təhsil imkanları yaradır. Onlar həm yüksək keyfiyyətli təhsil, həm də maraqlı təhsil həyatı axtaran tələbələr üçün ideal yerlərdir.

(Mənbə: https://www.gooverseas.com/ )

Avropada doktorantura təhsili təqaüd imkanları

Avropa doktoranturada təhsil almaq istəyən beynəlxalq tələbələr üçün təqaüdlər və maliyyə imkanları təklif edir. Tələbənin təhsil və yaşayış xərclərini ödəmək üçün nəzərdə tutulan təqaüdlərdən bəziləri və onların əhatə dairəsi haqqında ətraflı məlumat alaq:

Təqaüdlər Təqaüdün əhatə etdiyi xərclər Təqaüd haqqında məlumatlar
Erasmus Mundus Birgə PhD Proqramları Yaşayış xərcləri, təhsil haqları, səyahət xərcləri, sığorta. Erasmus Mundus Birgə Doktorantura Proqramları Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və yüksək keyfiyyətli doktorantura təhsili təklif edən proqramdır. Tələbələr bir çox Avropa universitetlərində təhsil almaq və beynəlxalq tədqiqat təcrübəsi qazanmaq imkanı əldə edirlər. Bu təqaüd tələbələrin təhsil və tədqiqat xərclərini ödəməklə onların akademik və peşəkar inkişafını dəstəkləyir.
Marie Skłodowska-Curie Actions (MSCA) Yaşayış xərcləri, səyahət xərcləri, tədqiqat xərcləri. Marie Skłodowska-Curie Actions Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və tədqiqatçıların karyera inkişafını dəstəkləyən proqramdır. Bu təqaüdlər doktorantlara tədqiqat layihələrini maliyyələşdirmək üçün qrantlar verir. MSCA təqaüdləri tələbələrə müxtəlif ölkələrdə və sənayelərdə təcrübə qazanmağa imkan verən beynəlxalq və sektorlararası mobilliyi təşviq edir.
DAAD Təqaüdləri (Almaniya) Yaşayış xərcləri, təhsil haqları, səyahət xərcləri. Alman Akademik Mübadilə Xidməti (DAAD) Almaniyada PhD təhsili almaq istəyən beynəlxalq tələbələrə geniş çeşiddə təqaüdlər təklif edir. DAAD təqaüdləri yaşayış xərclərini, təhsil haqlarını və səyahət xərclərini əhatə edir. Bundan əlavə, DAAD təqaüdləri tələbələrin tədqiqat layihələrini dəstəkləmək üçün əlavə maliyyə təmin edir.
İsveç İnstitutu Təqaüdləri (İsveç) Təhsil haqları, aylıq yaşayış xərcləri, səyahət xərcləri, sığorta. İsveç İnstitutu İsveçdə PhD təhsili almaq istəyən beynəlxalq tələbələrə təqaüd təklif edir. Bu təqaüdlər tələbələrin İsveçdəki akademik və mədəni həyata daha yaxşı uyğunlaşmasına kömək edir. İsveç İnstitutunun təqaüdləri tələbələrə təhsillərini rahat şəkildə davam etdirməyə imkan verən hərtərəfli maliyyə dəstəyi verir.
Eyfel Mükəmməllik Təqaüdləri (Fransa) Təhsil haqları, aylıq yaşayış xərcləri, səyahət xərcləri. Fransa Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən Eyfel Mükəmməllik Təqaüdləri Fransada PhD təhsili almaq istəyən beynəlxalq tələbələr üçün nəzərdə tutulub. Bu təqaüdlər yüksək akademik nailiyyətləri olan tələbələrə verilir və Fransanın aparıcı universitetlərində təhsil almaq imkanı təklif edir.
Birlik Təqaüdləri (Birləşmiş Krallıq) Təhsil haqları, yaşayış xərcləri, səyahət xərcləri. Bu, Birlik ölkələrindən olan tələbələrə yönəlib. Bu təqaüdlər akademik uğur və potensial liderlik keyfiyyətləri nümayiş etdirən tələbələrə verilir. Tədqiqat layihələri üçün əlavə maliyyə də mövcuddur.
İsveçrə Hökuməti Mükəmməllik Şurası (İsveçrə) Yaşayış xərcləri, təhsil haqları, səyahət xərcləri. İsveçrə Hökuməti İsveçrədə ali təhsil almaq istəyən beynəlxalq tələbələrə mükəmməllik təqaüdü təklif edir. Bu təqaüdlər tələbələrə yaşayış və təhsil xərclərini ödəməyə kömək edir.
Nederlandse Ali Təhsildə Beynəlxalq Əməkdaşlıq Təşkilatı (NUFFIC) (Hollandiya) Təhsil haqları, yaşayış xərcləri, səyahət xərcləri. Hollandiyada ali təhsil almaq istəyən beynəlxalq tələbələrə müxtəlif təqaüdlər təklif edir. NUFFIC təqaüdləri tələbələrə təhsil xərclərini ödəməyə kömək edir.
Chevening Təqaüdləri (Böyük Britaniya) Təhsil haqları, aylıq yaşayış xərcləri, səyahət xərcləri. Chevening Təqaüdləri Böyük Britaniyada magistr və PhD təhsili almaq istəyən beynəlxalq tələbələr üçündür. Bu təqaüdlər tələbələrin təhsil xərclərini ödəyir, onların akademik və peşəkar inkişafını dəstəkləyir.
Norveç Hökuməti Təqaüdləri (Norveç) Yaşayış xərcləri, təhsil haqları, səyahət xərcləri. Norveç Hökuməti Norveçdə ali təhsil almaq istəyən beynəlxalq tələbələrə geniş çeşiddə təqaüdlər təklif edir. Bu təqaüdlər tələbələrə yaşayış və təhsil xərclərini ödəməyə kömək edir.

 

Avropada doktorantura təhsilində tələb olunan imtahanlar

Avropada doktorantura təhsili almaq istəyən tələbələr müəyyən akademik və dil biliklərini sübut etmək üçün müxtəlif imtahanlardan keçməlidirlər. Bu imtahanlar universitetlərdən və proqramlardan asılı olaraq dəyişir.

Gəlin Avropada doktorantura proqramları üçün ən çox tələb olunan imtahanlardan bəziləri haqqında ətraflı məlumatla tanış olaq:

Dil biliyi imtahanları

  •   IELTS (International English Language Testing System): IELTS ingilis dili biliyini sübut etmək üçün Avropanın bir çox universiteti tərəfindən qəbul edilir. Doktorantura proqramları üçün adətən minimum 6.5-7.0 bal tələb olunur. IELTS dörd əsas komponentdən ibarətdir: dinləmə, oxuma, yazma və danışma.
  •   TOEFL (Test of English as a Foreign Language): TOEFL Avropa universitetləri tərəfindən qəbul edilən başqa bir ingilis dili biliyi testidir. Doktorantura üçün TOEFL-dən 90-100 arası bal tələb olunur. İmtahan tələbələrin ingilis dilindən akademik istifadəsini qiymətləndirən dörd hissədən ibarətdir: oxuma, dinləmə, danışma və yazma.
  •   Cambridge English imtahanları: Bəzi universitetlər dil biliyi üçün Cambridge English imtahanlarını da qəbul edirlər. Avropada doktorantura təhsilində əksər universitetlər C1 Advanced (CAE) və ya C2 Proficiency (CPE) səviyyəni qəbul edirlər.

Akademik yetərlilik imtahanları

  •   GRE (Graduate Record Examination): Xüsusilə mühəndislik, elm və sosial elmlər üzrə doktorluq dərəcəsi almaq istəyən tələbələrdən GRE tələb edilir. Bu imtahan analitik yazı, şifahi və ədədi düşünmə qabiliyyətlərini qiymətləndirir. Ona görə də niversitetlər namizədlərin ümumi akademik qabiliyyətlərini ölçmək üçün GRE ballarından istifadə edirlər.
  •   GMAT (Graduate Management Admission Test): Avropada biznes və idarəetmə üzrə doktorantura təhsili almaq istəyən tələbələrdən GMAT tələb edilir. Bu imtahan analitik yazı, inteqrasiya olunmuş əsaslandırma, kəmiyyət və şifahi bacarıqları qiymətləndirir. Biznes universitetləri namizədlərin idarəetmə və biznes potensialını qiymətləndirmək üçün GMAT ballarından istifadə edir.

Ölkə və universitetlər üçün xüsusi imtahanlar

Ümumi tələblərdən başqa hər bir ölkənin namizəddən özünəməxsus tələbləri də ola bilər. Bu tələblər adətən, tədris dili ingiliscə olmayan, Avropa ölkəsinin öz rəsmi dilində tədris alacaq doktorantın həmin dili nə dərəcədə bildiyini ölçən imkatanlardır. Məsələn:

  •       TestDaF (Test of German as a Foreign Language): Almaniyada doktorantura təhsili almaq istəyən tələbələr alman dili biliklərini sübut etmək üçün TestDaF imtahanı verməlidirlər. Bu imtahan dörd dil bacarığını (oxumaq, dinləmək, yazma və danışma) qiymətləndirir və universitetlər B2-C1 səviyyəsində alman dili biliyini tələb edir.
  •   DELE (Diplomas de Español como Lengua Extranjera): İspaniyada doktorantura təhsili almaq istəyən tələbələr ispan dili biliklərini sübut etmək üçün DELE imtahanı verə bilərlər. Bu imtahan ispan dili bacarıqlarını (oxumaq, yazma, dinləmə və danışma) qiymətləndirir və müxtəlif səviyyələrdə (A1-C2) təklif olunur.
  •   TCF/TEF (Test de Connaissance du Français/Test d’Evaluation de Français): Fransada PhD təhsili almaq istəyən tələbələr fransız dili biliyini sübut etmək üçün TCF və ya TEF imtahanlarından birini keçməlidirlər. Bu imtahanlar namizədlərin fransız dili bacarıqlarını qiymətləndirir və müxtəlif səviyyələrdə (A1-C2) təklif olunur.
  •   ALES (Akademik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı): Türkiyədə PhD proqramına müraciət edəcək namizədlər ümumiyyətlə ALES imtahanını verməlidirlər. ALES balı namizədlərin ədədi və şifahi qabiliyyətlərini qiymətləndirir və minimum bal tələbləri universitetdən asılı olaraq dəyişə bilər.
  •       YDS/YÖKDİL (Yabancı Dil Bilgisi Seviye Tespit Sınavı / Yükseköğretim Kurumları Yabancı Dil Sınavı):Türkiyədə doktorantura proqramları üçün dil biliklərini sübut etmək üçün YDS və ya YÖKDİL imtahanları tələb oluna bilər. Bu imtahanlar namizədlərin ingilis dili bacarıqlarını qiymətləndirir və minimum bal tələbləri universitetdən asılı olaraq dəyişə bilər.

(Mənbə: https://eurydice.eacea.ec.europa.eu/national-education-systems/turkiye/third-cycle-phd-programmes )

Avropada tələbə həyatı

Avropada tələbə həyatı yüksək keyfiyyətli təhsil imkanları, zəngin mədəni təcrübələr və sosial hadisələrlə dolu bir prosesdir. Avropada təhsil alan tələbələrin akademik uğurlarını artırmaqla yanaşı, həm də şəxsi və sosial inkişaflarını dəstəkləyən bir çox imkanlar var, o cümlədən:

Akademik mühit

Avropa dünyanın ən nüfuzlu universitetlərinə ev sahibliyi edir. Oksford, Cambridge, Sorbonne və Heidelberg kimi universitetlər tələbələrə yüksək keyfiyyətli təhsil və tədqiqat imkanları təklif edir. Tələbələr müxtəlif fənlər üzrə dərin biliklər əldə etmək və beynəlxalq səviyyədə tanınmış akademiklərlə işləmək imkanı əldə edirlər.

Sosial və mədəni həyat

Avropada tələbə olmaq özü ilə zəngin sosial həyat gətirir. Universitetlər tələbə klubları, idman komandaları və mədəni tədbirlər kimi müxtəlif sosial fəaliyyətlər təklif edir. Tələbələr asudə vaxtlarını konsertlər, teatr tamaşaları, sərgilər və festivallar kimi fəaliyyətlərlə keçirə bilərlər. Mübadilə proqramları, xüsusən də Erasmus tələbələrə müxtəlif mədəniyyətləri tanımağa və beynəlxalq dostluqlar qurmağa imkan verir.

Boş vaxt fəaliyyətləri

Tələbələr dərsdənkənar vaxtlarını müxtəlif fəaliyyətlərlə keçirə bilərlər. Kampus daxilində və xaricində idman imkanları, tələbə klubları və cəmiyyətləri, yerli tədbirlər və ekskursiyalar tələbələrə xoş vaxt keçirmə fürsəti verir. Avropanın tarixi və turistik yerləri, muzeyləri, incəsənət qalereyaları və təbii gözəllikləri tələbələrin kəşf etmələri üçün geniş çeşid təklif edir.

Dil öyrənmə imkanları

Avropada təhsil yeni dil öyrənmək və ya mövcud dil bacarıqlarını təkmilləşdirmək üçün əla fürsətdir. Bir çox universitetlər beynəlxalq tələbələr üçün ingilis dili proqramları təklif edir. Bununla belə, yerli dili öyrənmək sosial inteqrasiyanı asanlaşdırır və mədəni təcrübəni zənginləşdirir. Tələbələr dil kursları, tandem dil mübadiləsi proqramları və yerli insanlarla ünsiyyət vasitəsilə dil bacarıqlarını təkmilləşdirə bilərlər.

Yerləşdirmə və nəqliyyat

Avropada yerləşmə variantları universitet yataqxanalarından tutmuş şəxsi kirayə mənzillərə qədərdir. Kollec yataqxanaları ümumiyyətlə kampusa yaxın və sərfəli qiymətədir. Tələbələr yüksək inkişaf etmiş ictimai nəqliyyat sistemləri olan Avropa şəhərlərində rahatlıqla səyahət edə bilərlər. Xüsusi nəqliyyat kartları və tələbələr üçün endirimlər səyahəti daha qənaətli edir.

Maliyyə dəstəyi və təqaüdlər

Avropanın bir çox ölkəsi beynəlxalq tələbələr üçün müxtəlif təqaüdlər və maliyyə dəstəyi proqramları təklif edir. Bu təqaüdlər tələbələrə təhsil və yaşayış xərclərini ödəməyə kömək edir. Tələbələr həm də part-time işləməklə əlavə gəlir əldə edə bilərlər.

Şəxsi inkişaf və biznes imkanları

Avropada təhsil almaq tələbələrin şəxsi inkişafına töhfə verir və onların gələcək karyeraları üçün mühüm imkanlar yaradır. Beynəlxalq mühitdə təhsil almaq tələbələrin mədəni şüurunu artırır və qlobal iş dünyasında rəqabət üstünlüyü təmin edir. Avropa universitetləri tələbələrin təcrübə və iş imkanlarına çıxışını asanlaşdırmaqla onlara peşəkar həyata daha yaxşı hazırlaşmağa kömək edir.

 

Avropada yaşam xərcləri

Avropada yaşam xərcləri ölkədən və şəhərdən asılı olaraq çox dəyişir. Yaşayış, qida, nəqliyyat və əyləncə kimi xərclərin daxil olduğu yaşam xərcləri, həm də tələbənin ehtiyac və zövqündən də aslı olaraq fərqli ola bilər. Bununla belə aşağıda müxtəlif Avropa ölkə və şəhərlərindəki yaşam xərcləri haqqında ümumi məlumatı sizə təqdim edirik:

Böyük Britaniya (London)

  • Yaşayış: Şəhər mərkəzində bir otaqlı mənzil üçün aylıq £1,200 – £2,000.
  • Qida: Aylıq ortalama £250 – £350.
  • Nəqliyyat: Aylıq ictimai nəqliyyat kartı üçün £150.
  • Ümumi: Aylıq toplam yaşam xərcləri £1,800 – £3,000 arasında dəyişir.

Fransa (Paris)

  • Yaşayış: Şəhər mərkəzində bir otaqlı mənzil üçün aylıq €1,000 – €1,800.
  • Qida: Aylıq €250 – €350.
  • Nəqliyyat: Aylıq ictimai nəqliyyat kartı üçün €75.
  • Ümumi: Aylıq toplam yaşam xərcləri €1,500 – €2,500 arasında dəyişir.

Almaniya (Berlin):

  • Yaşayış: Şəhər mərkəzində bir otaqlı mənzil üçün aylıq €800 – €1,300.
  • Qida: Aylıq €200 – €300.
  • Nəqliyyat: Aylıq ictimai nəqliyyat kartı üçün €80.
  • Ümumi: Aylıq toplam yaşam xərcləri €1,200 – €2,000 arasında dəyişir.

Niderland (Amsterdam):

  • Yaşayış: Şəhər mərkəzində bir otaqlı mənzil üçün aylıq €1,000 – €1,800.
  • Qida: Aylıq €250 – €350.
  • Nəqliyyat: Aylıq ictimai nəqliyyat kartı üçün €90.
  • Ümumi: Aylıq toplam yaşam xərcləri €1,500 – €2,500 arasında dəyişir.

İsveç (Stokholm):

  • Yaşayış: Şəhər mərkəzində bir otaqlı mənzil üçün aylıq 9,000 – 15,000 SEK.
  • Qida: Aylıq 2,500 – 3,500 SEK.
  • Nəqliyyat: Aylıq ictimai nəqliyyat kartı üçün 900 SEK.
  • Ümumi: Aylıq toplam yaşam xərcləri 13,000 – 20,000 SEK arasında dəyişir.

Danimarka (Kopenhagen):

  • Yaşayış: Şəhər mərkəzində bir otaqlı mənzil üçün aylıq 9,000 – 14,000 DKK.
  • Qida: Aylıq 2,500 – 3,500 DKK.
  • Nəqliyyat: Aylıq ictimai nəqliyyat kartı üçün 400 DKK.
  • Ümumi: Aylıq toplam yaşam xərcləri 13,000 – 20,000 DKK arasında dəyişir.

İtaliya (Roma):

  • Yaşayış: Şəhər mərkəzində bir otaqlı mənzil üçün aylıq €800 – €1,400.
  • Qida: Aylıq €200 – €300.
  • Nəqliyyat: Aylıq ictimai nəqliyyat kartı üçün €35.
  • Ümumi: Aylıq toplam yaşam xərcləri €1,200 – €2,000 arasında dəyişir.

İspaniya (Madrid):

  • Yaşayış: Şəhər mərkəzində bir otaqlı mənzil üçün aylıq €700 – €1,300.
  • Qida: Aylıq €200 – €300.
  • Nəqliyyat: Aylıq ictimai nəqliyyat kartı üçün €55.
  • Ümumi: Aylıq toplam yaşam xərcləri €1,200 – €2,000 arasında dəyişir.

Polşa (Varşava):

  • Yaşayış: Şəhər mərkəzində bir otaqlı mənzil üçün aylıq 2,500 – 4,500 PLN.
  • Qida: Aylıq 800 – 1,200 PLN.
  • Nəqliyyat: Aylıq ictimai nəqliyyat kartı üçün 100 PLN.
  • Ümumi: Aylıq toplam yaşam xərcləri 3,500 – 6,000 PLN arasında dəyişir.

Macarıstan (Budapeşt):

  • Yaşayış: Şəhər mərkəzində bir otaqlı mənzil üçün aylıq 180,000 – 300,000 HUF.
  • Qida: Aylıq 50,000 – 80,000 HUF.
  • Nəqliyyat: Aylıq ictimai nəqliyyat kartı üçün 10,000 HUF.
  • Ümumi: Aylıq toplam yaşam xərcləri 240,000 – 400,000 HUF arasında dəyişir.

Avropada yaşam xərcləri, xüsusi yerə bağlı olaraq geniş fərqlər göstərə bilər. Qərbi və Şimali Avropa adətən daha yüksək yaşam xərclərinə malikdir, Cənubi və Şərqi Avropa isə daha uyğun qiymət təklif edir. Tələbələr və sakinlər, yaşayış, qida, nəqliyyat və digər xərcləri nəzərə alaraq büdcə planlaması etməlidirlər.

Habelə qida xərcləri zəruri ehtiyaclardan olan çörək, ət, süd məhsulları kimi ərzaqlara əsasən qeyd olunub, tələbənin qidalanma istəyindən və istifadə etdiyi markadan da aslı olaraq qiymət arta və ya azala da bilər.

(Mənbə: https://www.numbeo.com/cost-of-living/ )

Avropada doktorantura təhsili almaq üçün ətraflı məlumat almaq üçün konsultasiya xidmətimizdən yararlana bilərsiniz. Xaricdə təhsil mütəxəssislərimiz Avropanın ən yaxşı universitet və institutlarında, təqaüdlə təhsil almağınıza kömək edəcəklər!

Avropada Təhsil Təcrübəsinin Hər Mərhələsi üzrə Məsləhətlər

Təhsil Proqramı Seçimi

UNİVERSİTET SEÇİMİ

ÖLKƏ SEÇİMİ

UNİVERSİTETƏ MÜRACİƏT

TƏHSİLİNİ MALİYYƏLƏŞDİRMƏK

XARİCDƏ TƏLƏBƏ HƏYATINI BAŞLAMAZDAN ÖNCƏ

XARİCDƏ TƏLƏBƏ HƏYATI ZAMANI

Arzuladığın Universiteti, Proqramı Tap

Avropada Təhsillə Əlaqəli Xəbərlər