Avropa, yüksək keyfiyyətli təhsili və geniş iş imkanları ilə hər il dünyanın dörd bir yanından minlərlə tələbəni cəlb edir. Bura, tələbələrə dünya səviyyəli universitetlərdə təhsil almaqla yanaşı, müxtəlif sahələrdə praktik təcrübə qazanma imkanı da təqdim edir. Mühəndislikdən iqtisadiyyata, informasiya texnologiyalarından sosial elmlərə qədər geniş spektri əhatə edən akademik proqramlar, tələbələrin qlobal əmək bazarında rəqabət qabiliyyətli karyera qurmaqlarına şərait yaradır. Eyni zamanda, Avropanın bir çox ölkəsində tələbələr təhsil müddətində part-time işlərdə çalışaraq həm təcrübə toplamaq, həm də gəlir əldə etmək imkanı qazanırlar. Bu bloqda Avropada təhsil alarkən iş tapmağınızı asanlaşdıracaq vacib məqamlardan bəhs edəcəyik.
Avropada tələbələr üçün hansı iş imkanları var?
Avropada tələbələr üçün iş imkanları çox genişdir və müxtəlif sahələri əhatə edir. Tələbələr burada həm təhsil aldıqları sahələrdə, həm də müxtəlif part-time işlərdə çalışa bilərlər. İş imkanları ölkədən ölkəyə və tələbənin seçdiyi təhsil sahəsinə görə fərqlənsə də, Avropada tələbələr üçün mövcud olan əsas iş imkanları bunlardır:
Part-Time işlər. Avropada bir çox tələbə dərs saatları ilə uyğun gələn part-time işlərdə çalışır. Bu işlər adətən xidmət sektoru ilə bağlı olur. Restoranlar, kafelər, otellər kimi müəssisələr tələbələr üçün ofisiant, barista, resepsion kimi vəzifələrdə iş imkanı təklif edirlər.
Avropanın böyük şəhərlərində, xüsusilə turizm sənayesi güclü olan bölgələrdə bu cür işlər daha çox mövcuddur.
İT və mühəndislik sahələri. İnformasiya texnologiyaları və mühəndislik sahələrində olan tələbələr üçün Avropada geniş iş imkanları var. Xüsusilə kompüter mühəndisliyi, proqram təminatı və data analitikası kimi sahələrdə təhsil alan tələbələr üçün çoxsaylı ödənişli təcrübə və “junior” səviyyəsində işlər mövcuddur. Bu sahələrdə tələbələr texniki bacarıqlarını inkişaf etdirərək həm təhsil müddətində, həm də məzun olduqdan sonra rəqabətli əmək bazarında özlərinə yer tapırlar.
Tədqiqat və akademik işlər. Magistr və doktorantura səviyyəsində təhsil alan tələbələr universitetlərdə və tədqiqat institutlarında tədqiqat köməkçisi, tədris köməkçisi və ya laboratoriya mütəxəssisi kimi işləyərək gəlir əldə edirlər.
Xüsusilə texniki və təbii elmlər sahələrində tələbələr üçün bu cür iş imkanları daha çoxdur.
“Freelance” işlər. Son illərdə rəqəmsal texnologiyaların sürətli inkişafı ilə Avropada tələbələrin işləyə biləcəyi freelance işlər də artıb. Qrafik dizayn, tərcümə, rəqəmsal marketinq və kontent yazarlığı kimi sahələrdə sərbəst işləmək tələbələr üçün həm əlavə gəlir mənbəyi, həm də peşəkar təcrübə qazanmaq imkanı yaradır.
Müxtəlif tələbə proqramları və təcrübə imkanları. Avropa ölkələrində bir çox beynəlxalq şirkət və müəssisədə tələbələr üçün təcrübə proqramları mövcuddur. Bu proqramlar tələbələrə şirkət mühitini tanımaq, iş təcrübəsi qazanmaq və gələcək karyeralarında onlara kömək edəcək bilik və bacarıqlar əldə etmək imkanı verir. Bu təcrübələr, xüsusən də tələbənin oxuduğu sahə ilə əlaqəli olduğu zaman çox faydalıdır və işə qəbul şanslarını artırır.
Avropada təhsil alarkən tələbələr həm təhsil sahələrinə uyğun olaraq işlərdə təcrübə qazana, həm də xidmət sektorunda və ya sərbəst işlərdə çalışaraq əlavə gəlir qazanırlar.
Avropada tələbələr üçün ortalama maaş
Avropada tələbələrin ortalama maaşı ölkədən-ölkəyə, iş növünə və tələbənin iş təcrübəsinə görə dəyişir. Tələbələrin ən çox çalışdığı part-time işlərdə maaşlar full-time işlərlə müqayisədə daha azdır. Avropada tələbələr üçün ortalama maaşlar belədir:
- Part-time işlərdə (xidmət sektoru: restoran, kafe, pərakəndə satış) işləyən tələbələrin aylıq qazancı təxminən 400-1000 avro aralığında olur.
- Sektor üzrə təcrübəçilər və ya “junior“ səviyyəsində çalışan tələbələr (mühəndislik, İT, maliyyə və s.) üçün bu məbləğ daha yüksəkdir və 800-1500 avro arasında dəyişir.
- Freelance işlərdə çalışan tələbələrin gəlirləri isə bacarıq və layihə sayına görə çox dəyişir və adətən gəlir 600-2000 avro aralığında olur.
Ən yüksək maaşların olduğu ölkələr isə bunlardır:
- İsveçrə
- Norveç
- Danimarka
- Almaniya
- Niderland
- İsveç
Bütün Avropa ölkələrində maaşlar, işin növü, iş saatı, tələbənin təcrübəsi və şəhərin həyat səviyyəsinə görə dəyişir. Ortalama hər saat üçün əmək haqqı isə təxminən 12 avrodur.
(Mənbə: https://www.quora.com/ )
Avropada tələbələrin işləməsi üçün ən yaxşı şirkətlər
Avropada tələbələrin işləməsi üçün həm yerli, həm də qlobal səviyyədə fəaliyyət göstərən böyük şirkətlər var. Bu şirkətlər tələbələrə təcrübə proqramları, part-time işlər və “junior” səviyyəsində iş imkanları təklif edərək onların peşəkar təcrübə qazanmasına dəstək olurlar. Avropada tələbələrin işləməsi üçün ən yaxşı şirkətlərdən bəziləri bunlardır:
- Microsoft
- Deloitte
- Unilever
- PwC (PricewaterhouseCoopers)
- Siemens
- Shell
- L’Oréal
- Airbus
- Nestlé
- Volkswagen Group
- SAP
- Amazon
- KPMG
- Lufthansa
- Takeda
- Bristol Myers Squibb
- McDonald’s
- Servier
- Rebeldot
- Sodexo
- MSD
- AlumierMD
- Deskbird
- Arctic
- Dipharma
- Teka
- Adalvo
- Upp Technologies
- Faptic Technology
- Meridiam
- Olea Medical
- Qarnot Computing
- Mladvisory
- B.Conseil
- First Bank
- Heptasys
- Mēness Aptieka
- Konecta Group
- Frime
Bu şirkətlər Avropada tələbələr üçün təcrübə və part-time iş imkanları təqdim edir, müxtəlif sahələrdə təcrübə qazanmağa və gələcək karyeralarını inkişaf etdirməyə kömək edir.
(Mənbə: https://bestplacestoworkfor.org/ )
Avropada Azərbaycanlı tələbələr nə qədər çalışa bilərlər?
Avropada azərbaycanlı tələbələrin işləmək imkanları ölkənin qanunlarına və tələbənin viza statusuna bağlı olaraq dəyişir.
Bir çox Avropa ölkəsində beynəlxalq tələbələr təhsil almaqla bərabər işləyirlərsə, həftədə maksimum 20 saat işləyə bilərlər. Tələbələr tətil dövründə, eynu zamanda yay aylarında full time işlərdə çalışa bilərlər, yəni həftəlik 40 saat işlələri mümkündür.
Həmçinin tələbənin Avropa ölkələrində işləməsi üçün iş icazəsinə də ehtiyacı var. Bu icazə tələbə vizası ilə birlikdə alınmalı və tələbənin qanuni şəkildə işləməsini təmin edir. İş icazəsi qaydaları Avropa ölkələri arasında dəyişir.
Məsələn, Almaniya və Fransa kimi ölkələrdə tələbələr əlavə iş icazəsi olmadan işləyə bilərlər, ancaq bu zaman iş saatları müəyyən məhdudiyyətlərdə olur.
İsveçrə və Norveç kimi ölkələrdə isə tələbənin işləməsi üçün iş icazəsi tələb olunur.
Avropada tələbələr üçün gəlir vergisi nə qədərdir?
Avropada tələbələr üçün gəlir vergisi ölkədən-ölkəyə və tələbənin iş statusuna görə dəyişir. Adətən tələbələrin gəliri az olduğu üçün vergi dərəcələri digər işçilərlə müqayisədə daha aşağı olur.
Avropanın əksər ölkələrində tələbələrin vergiyə cəlb olunması onların vergi rezidentliyinə bağlıdır. Bir ölkədə 183 gün və ya daha çox vaxt keçirən tələbə həmin ölkədə vergi rezidenti sayılır və həmin ölkənin vergi qanunlarına uyğun olaraq gəlir vergisi ödəməlidir.
Rezident tələbələr daha aşağı vergi dərəcələri ilə gəlir vergisi ödəyirlər.
Qeyri-rezident tələbələr isə daha yüksək vergi dərəcələri ödəyirlər. Misal üçün, bəzi ölkələrdə qeyri-rezident tələbələr 30%-ə qədər gəlir vergisi ödəyə bilər.
Tələbələrin qazandıqları gəlirdən ödədikləri vergi dərəcəsi ölkədən-ölkəyə fərqlidir. Aşağıda bəzi Avropa ölkələrində tələbələr üçün tətbiq edilən vergi dərəcələri ilə bağlı məlumatı qeyd edirik:
Almaniya: Almaniyada tələbələr üçün müəyyən limit çərçivəsində gəlir vergisi tutulmur. Əgər tələbə ildə 10.908 avro-dan az qazanırsa, vergi ödəməli deyil. Bu məbləğdən artıq qazanan tələbələr üçün gəlir vergisi dərəcəsi 14-42% arasında dəyişir.
Fransa: Fransada aylıq 500 avrodan az qazanan tələbələr vergi ödəməkdən azad olurlar. Daha yüksək gəlir əldə edənlər üçün vergi dərəcəsi 0-45% arasında dəyişir.
Böyük Britaniya: Böyük Britaniyada tələbələr üçün illik 12,570 funt sterlinqə qədər qazanc vergidən azaddır. Bu məbləğdən artıq qazanan tələbələr üçün vergi dərəcəsi 20%-dən başlayır.
Niderland: Niderlandda tələbələr gəlirlərinin 40%-ə qədərini vergi kimi ödəyirlər, bununla bərabər tələbələr üçün xüsusi vergi güzəştləri də mövcuddur.
İsveçrə: İsveçrədə vergi dərəcəsi kantonlara görə fərqli olsa da, tələbələr üçün vergi güzəştləri mövcuddur və 15-25% arasında gəlir vergisi tutulur.
Bir çox Avropa ölkəsində tələbələr üçün müxtəlif vergi güzəştləri mövcuddur. Bu güzəştlər, adətən, aşağı gəlirli tələbələrə yönəldilir. Həmçinin tələbələr, xüsusən də təqaüd və ya təcrübə proqramlarından gəlir əldə etdikdə, müəyyən hallarda vergidən tamamilə azad ola bilərlər.
Fransa və Almaniya kimi ölkələrdə tələbələr təhsillə bağlı müəyyən təqaüdlərdən gəlir vergisindən azad olurlar.
İsveç və Norveç kimi ölkələrdə isətəhsil müəssisələrində işləyən tələbələr bəzən gəlir vergisi ödəməkdən azad edilir.
Əlavə olaraq qeyd edək ki, bəzi Avropa ölkələrində tələbələr yalnız gəlir vergisi ödəmirlər, həmçinin sosial müdafiə haqlarını da ödəmək məcburiyyətindədirlər. Bu haqlar tələbələrin pensiya, işsizlik və ya tibbi sığorta kimi sosial təminatlardan yararlanmalarını təmin edir. Sosial müdafiə haqları adətən qazancın 5-10%-i qədər olur.
Qısacası, Avropada tələbələrin gəlir vergisi məbləği iş statuslarına, qazandıqları gəlirin miqdarına və işlədikləri ölkənin qanunlarına bağlı olaraq dəyişir. Çox vaxt tələbələr müəyyən limit çərçivəsində vergi ödəməkdən azad edilir və ya aşağı vergi dərəcələri ilə qarşılaşırlar. Vergi rezidentliyi və tələbələr üçün mövcud olan güzəştlər hər bir ölkənin qanunlarına uyğun şəkildə tənzimlənir.
(Mənbə: https://europa.eu/youreurope/index_en.htm )
Avropada şirkətlər tələbəni işə götürən zaman nələrə diqqət edir?
Avropada şirkətlər tələbələri işə götürərkən bir sıra meyarlar əsasında qiymətləndirirlər. Bu meyarlar tələbənin təhsili, texniki və şəxsi bacarıqları, dil bilikləri, əvvəlki təcrübəsi və çeviklik kimi faktorları əhatə edir. Şirkətlərin tələbəni işə qəbul edərkən diqqət yetirdiyi əsas məqamlar bunlardır:
Təhsil və akademik nailiyyətlər. Şirkətlər, tələbələrin təhsil aldığı sahənin işin tələblərinə uyğun olub-olmadığını qiymətləndirirlər. Yaxşı akademik göstəricilər və təhsil sahəsinin işə uyğunluğu, xüsusilə təcrübə proqramları və “junior” səviyyəli vəzifələr üçün vacib meyardır.
Dil bilikləri. Avropada, xüsusən də beynəlxalq səviyyədə fəaliyyət göstərən şirkətlər, tələbələrin dil biliklərinə böyük önəm verirlər. Tələbənin ingilis dili bilikləri işə qəbul prosesində böyük üstünlük hesab olunur. Bununla yanaşı, bəzi şirkətlər yerli dilləri (məsələn, Almaniyada alman dili, Fransada fransız dili) bilən tələbələri üstün tuturlar. Qlobal şirkətlərdə əlavə dillərin (məsələn, ispan, fransız və ya alman) bilikləri də işə qəbulda tələbəyə əlavə üstünlük qazandıra bilər.
Əvvəlki təcrübə. Tələbənin əvvəlki təcrübəsi, həm akademik (məsələn, təcrübə proqramları), həm də iş həyatı ilə bağlı keçmiş təcrübələr, şirkətlər tərəfindən yüksək qiymətləndirilir. Part-time işlər, könüllü fəaliyyətlər və ya tələbə layihələri tələbənin iş mühitinə uyğunlaşa biləcəyinin göstəricisi sayılır və işə qəbul prosesində tələbəyə üstünlük qazandırır.
Texniki və peşəkar bacarıqlar. Texniki bacarıqlar (məsələn, proqramlaşdırma dilləri, məlumat analitikası, mühəndislik bilikləri) və şəxsi bacarıqlar (məsələn, analitik düşünmə, problem həll etmə, ünsiyyət və komanda işi) şirkətlərin diqqət mərkəzindədir. Texniki sahələrdə (İT, mühəndislik və s.) işəgötürənlər tələbələrin konkret texnoloji alətlər və proqramlarla işləmək bacarığını nəzərdən keçirirlər.
Çeviklik və öyrənmək istəyi. Şirkətlər üçün əsas amil tələbələrin çevikliyini və yeni biliklər öyrənməyə olan marağıdır. Çox vaxt əməkdaşlardan dinamik mühitlərdə çalışmaq tələb olunur və şirkətlər tələbələrin dəyişən şəraitlərə uyğunlaşma qabiliyyətini qiymətləndirirlər. Öyrənmək istəyi və motivasiya işə qəbul prosesində mühüm rol oynayır.
Dərsdənkənar fəaliyyətlər və könüllü işlər. Tələbələrin dərsdənkənar fəaliyyəti (universitet klubları, könüllü işlər, layihələr və s.) şirkətlər üçün önəmlidir. Bu cür fəaliyyətlər tələbənin liderlik, təşkilatçılıq və komanda işi bacarıqlarını nümayiş etdirir və işəgötürənlər tərəfindən müsbət qarşılanır. Şirkətlər tələbənin sosial aktivliyini və təşkilatçılıq bacarıqlarını nəzərə alır.
Viza və iş icazəsi. Xarici tələbələrin işə götürülməsində ən mühüm məqamlardan biri iş icazəsidir. Şirkətlər tələbənin iş icazəsinin olub-olmadığını və ya bu icazəni əldə etməyin tələbə üçün nə qədər asan olacağını nəzərdən keçirirlər.
Avropada tələbələr işə qəbul olmaq şanslarını artırmaq üçün nələr etməlidirlər?
Avropada tələbələr işə qəbul olmaq şanslarını artırmaq üçün təhsillərində yüksək nailiyyətlər göstərməli, texniki və dil biliklərini inkişaf etdirməli və praktiki təcrübə toplamalıdırlar. Eyni zamanda, dərsdənkənar fəaliyyətlərdə aktiv iştirak edərək liderlik və komanda işi bacarıqlarını nümayiş etdirmək də işə qəbul prosesində üstünlük qazandırır. Şirkətlərin gözləntilərini qarşılamaq üçün çevik və öyrənməyə hazır olmaq vacibdir.
Avropada tələbələr üçün iş imkanları çox olan şəhərlər
Avropada tələbələr üçün iş imkanları daha çox olan şəhərlər adətən böyük metropollər və iqtisadi mərkəzlərdir. Bu şəhərlər geniş sənaye sahələri, beynəlxalq şirkətlərin mövcudluğu və tələbələrə təcrübə proqramları təklif edən müəssisələrlə seçilir.
Avropada tələbələr üçün ən çox iş imkanlarının olduğu bəzi şəhərlər bunlar:
- Böyük Britaniya – London
- Almaniya – Berlin, Münhen
- Fransa – Paris
- Niderland – Amsterdam
- İrlandiya – Dublin
- İsveçrə – Cenevrə, Sürix
- Danimarka – Kopenhagen
- Avstriya – Vyana
- Polşa – Varşava, Krakov
- Macarıstan – Budapeşt
Avropanın ən yaxşı universitetlərində təhsil almaq və burada kariyera imkanlarından yararlanmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın! Marmara Group-un xaricdə təhsil mütəxəssisləri ən yaxşı universitetlərdə təhsil almağınıza kömək etməklə iş imkanlarının qapılarını sizin üçün açacaq!