Yüksək keyfiyyətli təhsil və qlobal imkanlar səbəbilə xaricdə təhsil almaq istəyən tələbələrin sayı sürətlə artmaqdadır. Xaricdəki prestijli universitetlər və geniş akademik resurslar, gəncləri daha üstün biliklər və güclü peşəkar təcrübə ilə təmin edərək onların gələcək karyeralarını möhkəmləndirməyə imkan yaradır.
Bununla belə, xaricdə təhsil almağa qərar verərkən bir çox detala diqqət yetirmək vacibdir: doğru ölkəni seçmək, universitetlərin təhsil keyfiyyətini araşdırmaq, maliyyə dəstəyi və təqaüd imkanlarından yararlanmaq, viza və sənəd proseslərini idarə etmək və daha çoxu. Bu bloq yazısında, xaricdə təhsil mütəssislərimiz xaricdə təhsillə bağlı ən çox verilən 7 suallara cavab verəcək və məsləhətlərini sizinlə bölüşəcəyik.
Xaricdə təhsil sahəsində doğru qərarlar verməyiniz üçün bu məlumatları istifadə edərək, siz də öz xaricdə təhsil təcrübənizi uğurla planlaşdıra bilərsiniz.
Xaricdə təhsilllə bağlı ən çox verilən 7 sual:
- Xaricdə təhsil üçün ölkə seçimi
- Düzgün universitet və ixtisas seçimi
- Maliyyə dəstəyi və təqaüd imkanları
- Dil tələbləri və sertifikatlar
- Viza və sənədləşmə prosesləri
- Xaricdə təhsil üçün yaşayış və gündəlik xərclər
- Mədəniyyət şokuna hazırlıq və adaptasiya
- Xaricdə təhsil üçün ölkə seçimi
Xaricdə təhsil üçün ölkə seçimi edərkən bir neçə vacib amili nəzərə almaq lazımdır, çünki doğru ölkə seçimi həm təhsil keyfiyyəti, həm də yaşayış təcrübənizi birbaşa təsir edir.
Təhsil keyfiyyəti və universitetlərin nüfuzu. Hər bir ölkənin öz akademik standartları və güclü ixtisas sahələri var. Məsələn, mühəndislik sahəsində ABŞ, Almaniya və ya Avstraliya öndə gələn ölkələrdən sayılır, humanitar elmlər üçün isə İngiltərə və Kanada məşhurdur. Seçdiyiniz sahədə dünya reytinqlərində yüksək yerləri tutan ölkələr və universitetlər araşdırılmalıdır.
Yaşam xərcləri və təhsil haqqı. Xaricdə təhsil almaq üçün maliyyə imkanlarınıza uyğun ölkə seçmək vacibdir. Yaşam xərcləri (kirayə, qida, nəqliyyat) və təhsil haqqı ölkədən ölkəyə ciddi fərqlənir. Skandinaviya ölkələrində bəzi universitetlərdə təhsil ödənişsiz olsa da, yaşayış xərcləri yüksəkdir. Əksinə, Türkiyə kimi ölkələrdə təhsil və yaşayış xərcləri daha əlverişlidir.
Dil tələbləri və rəsmi dil. Seçdiyiniz ölkədə rəsmi dilin və tədris dilinin hansı olduğunu müəyyənləşdirin. Məsələn, İngilis dilini ana dil kimi istifadə etməyən ölkələrdə də bəzi universitetlər ingiliscə proqramlar təklif edirlər. Əgər dil bilikləri tələb olunan səviyyədə deyilsə, həmin ölkədə dil hazırlıq proqramları keçmək zərurəti yarana bilər.
İş imkanları və işləmə icazəsi. Təhsil müddətində və təhsildən sonra işləmə icazəsinin olub-olmaması da önəmlidir. Bəzi ölkələr, tələbələrə təhsil aldıqdan sonra müəyyən müddət ərzində işləmə imkanı verir (məsələn, Kanada, Avstraliya, Almaniya), digərlərində isə bu qaydalar məhduddur.
İqlim və hava şəraiti. İqlim şəraiti bəzən gözardı edilir, amma yeni bir ölkəyə uyğunlaşmada ən böyük rol oynayan amillərdən biri də iqlimdir. Məsələn, soyuq və qarlı iqlimi olan ölkələrdə yaşamaq tələbələr üçün çətindir. Eyni zamanda öz ölkənizdən də fərqli hava şəraiti olan ölkələrə adaptasiya olmaq vaxt tələb edəcək.
Mədəniyyət və sosial həyat. Hər ölkənin özünəməxsus mədəniyyəti və dəyərləri var. Uyğunlaşma prosesini asanlaşdırmaq üçün təhsil alacağınız ölkənin sosial və mədəni mühitini öyrənmək faydalıdır. Qeyd edək ki, müxtəlif mədəniyyətləri qəbul edən ölkələr (məsələn, Amerika, Macarıstan, Kanada, Hollandiya) beynəlxalq tələbələr üçün daha əlverişlidir.
Viza və sənədləşmə prosesləri. Hər ölkənin viza və sənədləşmə qaydaları fərqlidir. Bəzi ölkələrdə tələbə vizası almaq asan və sürətli olduğu halda, digərlərində isə prosedurlar daha uzun və mürəkkəbdir. Təhsil alacağınız müddət ərzində viza yeniləmə şərtlərini də diqqətə almaq lazımdır.
Bu amilləri nəzərə alaraq düzgün ölkə seçimi edərək xaricdə təhsil təcrübənizi daha uğurlu və səmərəli edəcəksiniz.
- Düzgün universitet və ixtisas seçimi
Xaricdə təhsil alarkən düzgün universitet və ixtisas seçimi tələbələrin gələcək karyerasında mühüm rol oynayır. Bu qərarı verərkən nəzərə alınması lazım olan əsas məqamlar bunlardır:
Universitetin reytinqləri və akademik nüfuzu. Universitet seçərkən ilk növbədə onun dünya və ixtisas üzrə reytinqlərinə baxmaq lazımdır. QS və ya Times Higher Education kimi nüfuzlu reytinqlərdə yüksək yerləri tutan universitetlər, adətən, tələbələrə daha yüksək təhsil standartları və geniş imkanlar təqdim edir. Eyni zamanda, seçdiyiniz sahədə ixtisaslaşmış universitetlərə üstünlük vermək də vacibdir.
Tədris proqramının mövzusu və strukturunu araşdırın. Hər universitet eyni ixtisas üzrə fərqli tədris proqramı təklif edə bilər. Tədris proqramının kurslar, modullar, praktik iş imkanları və tədqiqat imkanlarını əhatə edib-etmədiyini yoxlayın. Sizin karyera məqsədlərinizə və maraqlarınıza uyğun bir proqram tapmaq, təhsil müddətində daha çox fayda əldə etməyinizə kömək edəcəkdir.
Akademik kadro və tədqiqat imkanları. Universitetin akademik kadrının təcrübəsi və tədqiqat imkanları da əhəmiyyətlidir. Tədqiqat yönümlü universitetlər, tələbələrə daha geniş laboratoriya, araşdırma layihələri və elmi işlərdə iştirak etmək imkanı yaradır. Öz sahəsində tanınmış professorlarla işləmək, həm təcrübə, həm də peşəkar şəbəkə yaratmaq baxımından çox faydalıdır.
İxtisasınızın iş bazarı perspektivləri. Seçəcəyiniz ixtisasın gələcək iş bazarında hansı imkanlar yaratdığını nəzərə alın. Gələcəkdə hansı sahələrdə iş imkanı çox olacaq və hansı bacarıqlar daha çox tələb ediləcək kimi sualları özünüzə verin.
Staj və praktik imkanlar. Əldə edəcəyiniz nəzəri biliklərin real iş mühitində tətbiqi üçün staj və praktik imkanlar çox vacibdir. Bəzi universitetlər tələbələrə təhsil müddətində partnyor şirkətlərlə əməkdaşlıq çərçivəsində staj imkanı verir. Bu cür təcrübələr həm biliklərinizi praktiki tətbiq etməyə, həm də gələcək iş əlaqələrinizi genişləndirməyə kömək edəcəkdir.
Məzun şəbəkəsi və işə düzəlmə faizi. Məzun şəbəkəsi və universitetin məzunlarına təqdim etdiyi dəstək xidmətləri də çox vacibdir. Bəzi universitetlər güclü məzun şəbəkəsinə malikdir və tələbələri iş bazarında dəstəkləyir. Məzunların işə düzəlmə faizi yüksək olan universitetlər, tələbələrin gələcəkdə uğurlu karyera qurma ehtimalını artırır.
Universitetin yerləşməsi və sosial həyat. Universitetin yerləşdiyi şəhər və ölkənin tələbələr üçün nə qədər uyğun olduğunu da nəzərə almaq lazımdır. Bu, həm yaşayış xərcləri, həm mədəniyyətə uyğunlaşma, həm də sosial fəaliyyətlər baxımından əhəmiyyətlidir. Məsələn, böyük şəhərlərdə yerləşən universitetlər daha çox imkan və resurs təklif etsə də, kiçik şəhərlərdə təhsil almaq daha sakit və ucuzdur.
Düzgün universitet və ixtisas seçimi, xaricdə təhsilin əsasını təşkil edir. Gələcək karyera yolunuzu möhkəmləndirmək üçün seçiminizdə diqqətli olun və hər bir amili diqqətlə nəzərdən keçirin.
- Maliyyə dəstəyi və təqaüd imkanları
Xaricdə təhsil alarkən maliyyə dəstəyi və təqaüd imkanları tələbələr üçün böyük dəstəkdir. Xaricdə təhsilin əsas maliyyə dəstəyi mənbələri aşağıdakılardır:
Universitet təqaüdləri. Bir çox universitet, akademik göstəricilərə və ehtiyaclara əsasən təhsil haqqını tam və ya qismən ödəyən təqaüdlər təklif edir.
Hökumət və beynəlxalq təşkilat təqaüdləri. Fulbright, Erasmus+, Chevening kimi proqramlar beynəlxalq tələbələr üçün maliyyə dəstəyi təmin edir.
Özəl fondlar və şirkət təqaüdləri. Bəzi şirkətlər və fondlar, müəyyən ixtisaslar və ya ölkələr üçün təqaüd verir.
Tələbə kreditləri. Bəzi ölkələrdə xaricdə təhsil üçün xüsusi tələbə kreditləri təklif olunur.
Bu mənbələri araşdıraraq, xaricdə təhsil xərclərinizi minimuma endirə bilərsiniz.
- Dil tələbləri və sertifikatlar
Xaricdə təhsil almaq üçün dil tələbləri və sertifikatlar vacib şərtlər arasındadır. Əsas məqamlar aşağıdakılardır:
İngilis dili sertifikatları. Əksər universitetlər TOEFL, IELTS və ya Cambridge English kimi beynəlxalq sertifikatları tələb edir. Minimum bal tələbi universitetdən və proqramdan asılı olaraq dəyişir.
Yerli dil tələbləri. İngilis dilində tədris olunmayan proqramlar üçün ölkənin rəsmi dili üzrə sertifikat tələb oluna bilər (məsələn, Almaniyada TestDaF, Fransada DELF).
Hazırlıq kursları. Dil tələblərini ödəyə bilməyən tələbələr üçün bəzi universitetlər dil hazırlıq kursları təklif edir.
Düzgün dil sertifikatına sahib olmaq, qəbul prosesində üstünlük qazandırır və təhsilinizi daha rahat başa vurmağa kömək edir.
- Viza və sənədləşmə prosesləri
Xaricdə təhsil almaq üçün viza və sənədləşmə prosesləri tələbələrin diqqət yetirməli olduğu ən vacib məqamlardandır. Əksər ölkələrdə təhsil vizası tələb olunur və vizanın alınması üçün universitetin qəbul məktubu, maliyyə vəziyyətinizi göstərən sənədlər, sağlamlıq arayışları və sığorta kimi bir çox sənəd təqdim edilməlidir.
Sənədləşmə zamanı hər bir detalın düzgün olması vacibdir, çünki hər hansı bir səhv və ya uyğunsuzluq viza prosesini uzada və ya viza imtinasına səbəb olur. Prosesin başlanğıcından etibarən hər addımı diqqətlə izləmək, bütün lazımi sənədləri vaxtında toplamaq və yerli viza qaydalarına uyğun hərəkət etmək, təhsil müddətində problemlə üzləşməməyiniz üçün əhəmiyyətlidir.
- Xaricdə təhsil üçün yaşayış və gündəlik xərclər
Xaricdə təhsil alarkən yaşayış və gündəlik xərclər planlaşdırılması vacib amildir. Hər bir ölkədə kirayə, qida, nəqliyyat və digər gündəlik xərclər fərqlidir. Bu səbəbdən, maddi çətinlik yaşamamaq üçün getməyi düşündüyünüz ölkədəki yaşam xərclərini araşdırmaq və öz büdcənizi düzgün müəyyənləşdirmək önəmlidir.
Ölkənin ümumi yaşayış dəyərini, mümkün təqaüdləri və gəlir imkanlarını nəzərə alaraq seçim etmək məqsədəuyğundur. Bəzi ölkələrdə tələbələr üçün part-time iş imkanları da mövcuddur, lakin yalnız bu gəlirlərə güvənmək təhsil müddətində risk yarada bilər. Planınızı gəlir və xərclərinizə uyğun olaraq qurmaq, həm təhsil, həm də gündəlik həyatınızı daha rahat davam etdirməyinizə kömək edəcəkdir.
- Mədəniyyət şokuna hazırlıq və adaptasiya
Xaricdə təhsil zamanı mədəniyyət şoku ilə üzləşmək təbii bir prosesdir və adaptasiya üçün vaxt və səy tələb olunur. Yeni bir ölkəyə gəldikdə, gündəlik həyat, dəyərlər, davranışlar və ünsiyyət tərzində fərqliliklər yaşamaq mümkündür. Bu dəyişikliklər ilk mərhələdə çaşdırıcı və hətta stresli ola bilər.
Mədəniyyət şokuna hazırlıqlı olmaq üçün gedəcəyiniz ölkə haqqında əvvəlcədən məlumat toplamaq faydalıdır. Mədəniyyət, ənənələr, sosial davranış qaydaları və yerli həyat tərzi barədə araşdırmalar aparmaq, yeni mühitə uyğunlaşmağı asanlaşdıracaqdır. Eyni zamanda, yerli insanlarla ünsiyyət qurmaq, sosial fəaliyyətlərdə iştirak etmək və beynəlxalq tələbələr üçün təşkil olunan tədbirlərə qatılmaq da adaptasiya prosesində əhəmiyyətlidir. Unutmayın ki, bu təcrübə yalnız təhsil deyil, həm də yeni mədəniyyətləri və baxış bucaqlarını anlamaq üçün bir fürsətdir.
Yuxarıda qeyd etdiyimiz mütəxəssislərimizin məsləhətlərini nəzərə alaraq, xaricdə təhsilinizi daha keyfiyyətli və məqsədinizə uyğun şəkildə planlaşdıra bilərsiniz. Bu tövsiyələr sayəsində xaricdə təhsil təcrübənizi həm uğurlu, həm də maraqlı etməyiniz asan olacaq.